Masallıda cinayətkar dəstə zərərsizləşdirildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Daxili işlər orqanları ölkə ərazisində bir neçə əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən APA TV-yə bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində paytaxtın Yasamal rayonu ərazisində Tərtər rayon sakini, 45 yaşlı İldırım Həsənovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

 

Masallı Rayon Polis Şöbəsi əməkdaşları isə rayon sakinlərinin mülkiyyətinə qənim kəsilən cinayətkar dəstəni zərərsizləşdiriblər. Cinayətkar dəstənin üzvləri olan Masallı rayon sakinləri - əvvəllər qəsdən adam öldürdüyünə görə məhkum olunmuş Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov qabaqcadan əlbir olub qrup təşkil etməklə rayonun müxtəlif kəndlərində yaşayan vətəndaşların mənzillərinə qanunsuz yolla daxil olaraq, onlara külli miqdarda ziyan vurmaqla oğurluq ediblər. Onlar ötən il dekabrın 20-də rayonun Çayqıraq kənd sakini Şöhrəddin Məmmədovun evindən 5130 manatlıq məişət texnikası oğurladıqdan sonra cinayətin izini itirmək məqsədi ilə evi yandırmaqla ev sahibinə 200 min manat məbləğində ziyan vurublar.  İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri 2013-cü ilin fevral ayında rayonun Öncəqala kənd sakini Adışirin Məmmədovun, 2014-cü ilin oktyabrında Bədəlan kənd sakini Səlimə Kərimovanın, həmin ilin noyabr ayında Qızılavar kənd sakini Hafizə Ağayevanın və Çayqıraq kənd sakini Cavid Əhmədovun, bu ilin yanvarında Bədəlan kənd sakini Elman Abıyevin, fevral ayında isə Kolatan kənd sakini Rafət Cəbiyevin evlərindən qiymətli məişət texnikası və müxtəlif avadanlıqları oğurlayıblar. 

Hər iki faktla bağlı araşdırmalar davam edir. 

Müəllif | Apa.Tv