Bakıda "Vaqifsayağı" caz festivalı keçirilib

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. APA TV-nin xəbərinə görə, Vaqif Mustafazadənin 75 illiyi münasibətilə anadan olduğu İçəri Şəhərdə “Vaqifsayağı” caz festivalı keçirilib.

 

"Vaqifsayağı"caz festivalında Vaqif Mustafazadə xatirələrdə anılıb.

 

Vaqif Mustafazadə etno cazın, Azərbaycan cazının banisi olduğundan elə festival da milli üslubda təşkil olunub. Yerə xalılar salınıb, tamaşaçılar yerdə oturublar. Səhnədə isə ardıcıl olaraq Vaqif Mustafazadənin musiqiləri səslənib.   

 

Təşkilatçı Şakir Eminbəyli bunları deyib: "Biz hələ də Vaqif Mustafazadəni layiqincə dünyaya tanıda bilməmişik. O inanılmaz dərəcədə böyük sənətkardır".

 

Festivala gələnlər və iştirakçılar “Vaqifsayağı” geyiniblər, parik taxıb, bığ qoymaqla özləri Vaqif Mustafazadəyə bənzədiblər.

 

Festival “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu ilə keçirilib. Tədbirin informasiya dəstəyi "APA Holdinq"ə məxsusdur.

 

Qeyd edək ki, Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.

 

Bəstəkar 1979-cu ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

 

Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

 

Müəllif | Apa.Tv