Mingəçevirdə avtomobil səkiyə çırpıldı, sürücü öldü

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir Şəhər Dram Teatrının qarşısındakı böyük dairəvi yolötürücüsündə qeydə alınıb. Şəhər sakini, 1958-ci il təvəllüdlü Abbasov Allahverdi Cəlil oğlu idarə etdiyi “VAZ 21015” markalı minik maşını ilə dairəvi yolötürücüsündə dönərkən idarə etməni itirib və avtomobil dairənin səki daşına dəyib. Zərbənin təsirindən maşın aşıb və sürüşməyə başlayıb. Bu zaman sürücünün başı pəncərədən çıxaraq, yerə dəyib. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin ehtimala görə, avtomobil sürət həddini aşmayıb. Sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi ölümlə nəticələnib.

  

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov