MOK rəsmisi: "I Avropa Oyunlarından gələn bütün gəlirlər Azərbaycana qalacaq"

Azərbaycan I Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsini icra edir. APA TV-nin xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Vitse-prezident deyib ki, artıq idman qurğularının bir çoxu istifadəyə verilib, test yarışları keçirilir. Aprel ayında boks və güləş üzrə test yarışları keçiriləcək. Üzgüçülük hovuzu tam hazırdır və aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. "Olimpiya kəndi" də hazır vəziyyətə gətirilib. Bundan sonra əsas işimiz bu oyunlara Azərbaycan tamaşaçılarının cəlb edilməsidir. MOK rəsmisi I Avropa Oyunlarında iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanmasına da münasibət bildirib. Çingiz Hüseynzadə qeyd edib ki, bu cür idman yarışlarının hamısında idmançıların xərcləri Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

 

"Bu, bütün müqavilələrdə də əks olunub. Azərbaycan da təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, istər bilet satışı, istər televiziyalarla bağlı gəlirlər Azərbaycana məxsus olacaq. Belə olduğu halda, oyunlardan əldə olunan bütün gəlirlər heç bir tərəflə bölünməyəcək və Azərbaycana qalacaq".

 

Çingiz Hüseynzadə bildirib ki, Olimpiya stadionunun tikinti-quraşdırma işləri yekunlaşıb və hazırda stadion ətrafında abadlaşdırma işləri aparılır. 

 

Müəllif | Apa.Tv