"Dəf(i)nə yarpağı" müsabiqəsinin qalibləri elan olundu

Ölkənin ən böyük tərcümə mükafatı olan "Dəf(i)nə yarpağı"ının qalibləri elan olunub. APA TV-nin məlumatına görə, Kulis.az-ın əməkdaşı Şərif Ağayar qalib olub. Mükafatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis edib. Qalibləri mərkəzin rəhbəri Afaq Məsud mükafatlandırıb. Birinci yerin qalibi Təvəkkül Zeynallı, ikinci yerin qalibi Akif Əli, üçüncü yerin mükafatına isə Şərif Ağayar layiq görülüb. Mükafat fondu I yer üçün 3 min, II yer üçün 2 min, III yer üçün 1000 manatdır. Həvəsləndirici mükafat üçün 500 manat nəzərdə tutulur. Qaliblər belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışıblar:

"Çox sevindirici haldır. Yaxşı tərcümə etdiyimi düşünürdüm. Müsabiqədə yer tutmağım həvəsləndirici oldu. Bundan sonra daha yaxşı tərcümələr edəcəm".

"Təbii ki, bütün mükafatlarda nisbilik var. Bu cəhdi, bu müsabiqənin keçirilməsini alqışlayıram. Bu ədəbiyyatın, sözün təbliğidir. Bütün bunlardan dəyərlisi Tərcümə Mərkəzinin bu statusda, bu cür kollektivlə fəaliyyət göstərməyidir. İnanıram ki, dünya ədəbiyyatını bizdə, bizim də dünyada tanınmağımızda böyük işlər görüləcək".

Poeziya sahəsində yalnız həvəsləndirici mükafat verilib. Mükafatın sahibi şair Əlizadə Nuri olub. Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi "Dəf(i)nə yarpağı" müsabiqəsi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə yaradılıb. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı