Azərbaycanın baş naziri parlamentdə hesabatla çıxış edib

"Ötən il Azərbaycanda makroiqtisadiyyat qorunub saxlanıb. ÜDM-də 2,8 faiz artım müşahidə olunub. Ölkənin qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil edib. Qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi neft-qaz sektoruna qoyulan investisiyadan çox olub”. APA TV-nin məlumatına görə, bu sözləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasın spiker Oqtay Əsədov deyib. Daha sonra baş nazir Artur Rasizadə Milli Məclis qarşısında hesabatla çıxış edib. Baş nazir qeyd edib ki, 2014-cü ildə dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulan iqtisadi stabillik qorunub. Artur Rasizadə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların ötən il heç bir nəticə vermədiyini  dilə gətirib.

 

"Ermənistanın tutduğu mövqe status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Bu hal nəzərə alınaraq Azərbaycan Ordusu sürətlə inkişaf edir. Hərbçilərimizin son vaxtlar cəbhə xəttindəki təxribatlara verdiyi cavab ordumuzun qüdrətinin gündən-günə artmasının sübutudur. Orduya dəstək bütün dövlət orqanlarının nəzarətində olmalıdır”.

 

Ölkə başçısının mütəmadi olaraq xalq qarşısında hesabat verdiyini deyən millət vəkili Siyavuş Novruzov bildirib ki, ötən il Azərbaycan üçün çox uğurlu il olub. Deputat Musa Qasımlı isə Qarabağ əlillərinin pensiya problemlərinə diqqət çəkib: “Qarabağ əlilləri dövlətimizin ən yüksək diqqət göstərdiyi kateqoriyalı insanlardandır. Lakin onlara hansının ki, 5 il stajı yoxdur, pensiya yox, müavinət verilir. Bu da 60 manatdır. 5 il stajı olanların isə pensiyası 120 manatdır. Qeyd edim ki, 18 yaşda hərbi xidmətə çağırılan şəxs 5 il staj əldə edə bilməzdi. Odur, təklif edirəm ki, Qarabağ əlillərinin müavinətləri minimum pensiya həddinə çatdırılsın”.

 

Azərbaycan Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabat qəbul olunub. Oqtay Əsədov deputatları və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

 

Müəllif | Apa.Tv
Apa.tv