Ərdoğan: "TANAP Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlara xeyirli olsun"

“Azərbaycan Türkiyə üçün adi dövlətlərdən biri deyil. Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qars bölgəsində keçirilən TANAP layihəsinin təməlatma mərasimində deyib.

 

Rəcəb Tayyib Ərdoğan 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun rolunu xatırladıb: "Bakı, Dərbənd və Dağıstanın düşmən işğalından azad olunmasında türklər azərbaycanlılarla yan-yana vuruşub. Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı vətəndaşlarımız hər zaman ürəyində hiss edib. Qars, İğdır, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında fərq qoymuruq. İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur. Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur. Həmişə qardaşlarımızın yanında olduq və olmaqda davam edəcəyik”.

 

Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlar üçün xeyirli olmasını diləyərək bildirib ki, TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk.

 

Müəllif | Apa.Tv