Nazir Kəmaləddin Heydərov UNİCEF-in MDB üzrə regional direktoru ilə görüşüb

Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə regional direktoru, xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. APA TV-nin məlumatına görə, Kəmaləddin Heydərov FHN-in UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın ev sahibliyi edəcək I Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib. Xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - I Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNİCEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə FHN-lə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv