Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi dünya miqyasında inkaredilməz faktordur"

"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparır. Biz isə öz işimizlə buna cavab veririk".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, yalan üzərində qurulan Ermənistan dövləti  bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürür: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkaredilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".

 

Prezident İlham Əliyev bildirib ki, böhranlara baxmayaraq, bu gün Azərbaycan və Türkiyə sürətlə inkişaf edir: "Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".

 

 

Dövlət başçısı çıxışında Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyinin daha da gücləndirdiyini bildirib.

 

"Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulacaq. Bu gün bizimlə birlikdə qardaş Gürcüstan dövlətinin prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gəlib. Amma bu gün Heydər Əliyevin adını daşıyan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəklərini quracaq, bir-birinə həmişə arxa, dayaq olacaq".

 

Prezident İlham Əliyev Qarsa səfərindən çox məmnun olduğunu deyib: "Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə də TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!"

 

Müəllif | Apa.Tv