Bibisinin evindən 43 min manat pul və qızıl oğurlayan tələbə tutuldu

Abşeron polisi bibisinin evindən oğurluq etməkdə şübhəli bilinən Həsən Əfəndizadəni saxlayıb. APA TV-nin məlumatına görə, hadisə Digah qəsəbəsində baş verib. Polisə bu barədə məlumat daxil olan kimi oğrunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hərçənd, oğrunu uzaqda axtarmağa ehtiyac qalmayıb.

 

Ali məktəb tələbəsi olan Həsən Əfəndizadə oğurluq etdiyi vaxt bibisigil Bərdədə toyda olublar: "Borcum var idi, getdim ora. Pəncərəni sındırdım, girdim evə, pulları götürdüm. Oğurladığım pulun təxminən 2000 manatını borcuma verdim, qalanını qaytardıq".

 

Faktla əlaqədar Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv