İlaxır çərşənbə günü Bakıda sex yandı

Ötən gecə Bakıda sex yanıb. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu ərazisində, Oqtay Vəliyev küçəsində baş verib. Yaşayış məhəlləsində yerləşən plastik qapı-pəncərə sexində qəfildən yanğın başlayıb. Yanğını ilk görən küçədə çərşənbə tonqalının ətrafındakı gənclər olublar. Sexdə tez alışan mallar olduiğundan və sex yaşayış evlərinə bitişik yerləşdiyindən qonşular Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat veriblər. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin dörd yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər yanğının qarşısını alıblar və alovun daha geniş ərazini əhatə etməsinə imkan verməyiblər.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 224 kv.m olan plastik qapı-pəncərə sexinin tavanı 70 kv.m sahədə və dam örtüyü isə 112 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğının səbəbləri ilə bağlı təhqiqat aparılır. Əsas versiyalardan biri yanğına sexdəki odun sobasının səbəb olmasıdır. Bundan başqa, sexin qarşısında qalanan çərşənbə tonqalından tikilinin damına qığılcım düşməsi ehtimalı da araşdırılır.

 

Müəllif | Apa.Tv