İsraildə növbədənkənar parlament seçkiləri keçirilib

 

İsraildə növbədənkənar parlament seçkiləri keçirilib. Bütün seçicilərin səsvermədə iştirakını təmin etmək üçün çərşənbə axşamı ölkədə qeyri-iş günü elan edilib.Parlamentin əvvəlki çağırışı dekabrın əvvəllərində özünü buraxdığını elan edib. Bundan bir həftə əvvəl isə baş nazir Binyamin Netanyahu iki naziri onun qərarlarına qarşı sabotajda günahlandıraraq, vəzifədən azad edib. Həmin keçmiş nazirlər - Yair Lapid və Tsipi Livni növbədənkənar seçkilərə öz partiyalarının liderləri kimi qatılıblar.

 

Müşahidəçilər seçkini Netanyahuya faktiki etimad referendumu kimi qiymətləndirirlər. Onun ünvanına kəskin tənqidlər səslənir, baş nazir təhlükəsizlik mövzusundan sui-istifadə etməklə ölkənin daxili məsələlərinə - sosial və iqtisadi proqramlara zərər vurmaqda qınayırlar.

 

Hakim partiyanın əsas rəqibi İsak Hersoq və Tsipi Livninin başçılıq etdiyi "Sionist düşərgə"dir. Lakin Netanyahunun da baş nazir postunda qalmaq şansları az deyil.

 

Seçkinin ilkin rəsmi nəticələrinin bu gün açıqlanacağı, yekun nəticələrin isə ən tezi cümə günü elan ediləcəyi gözlənilir. "Exit-poll"un nəticələrinə görə, iki lider partiya - “Likud” və “Sionist düşərgə” parlamentdə hərəyə 27 yer qazanıb. Bu, kifayət qədər yüksək nəticədir. Seçkiyə qədər analitiklər bildirirdilər ki, partiyaların hər biri 25-dən çox yer qazana bilməyəcək. Fərqli mənbələrin məlumatları üst-üstə düşmür. Bəziləri "Likud"un 28 mandat qazandığını bildirirlər.

 

Knessetdə 120 yer var. Amma İsrail tarixində heç bir partiya mütləq çoxluğa nail ola bilməyib. Oxşar vəziyyət bu dəfə də təkrarlanır. Ona görə də hökumətin formalaşdırılması üçün koalision danışıqlara ehtiyac yaranır. Müşahidəçilər bu məsələdə Netanyahunun şanslarını daha yüksək qiymətləndirirlər. Fəaliyyətdə olan baş nazir sağçı qüvvələrlə koalisiya danışıqlarının başlanıldığını artıq bəyan edib. 

Müəllif | Apa.Tv
Apa.tv