Bakıda İlaxır çərşənbə təntənəli şəkildə qeyd olunub

Azərbaycana bahar gəlir. Ana təbiət oyanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlayaraq kütləvi şənlik və mərasimlər keçirilir.

 

Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. Axır çərşənbə ölkəmizdə hər il olduğu kimi, bu il də təntənəli qeyd olundu.

 

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəsinin qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

 

İlaxır çərşənbədə insanlar axşam yandırılan bayram tonqalının onun üstündən tullanır, üzərlik yandırır, “ağırlığım-uğurluğum odlara tökülsün” deyir, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayır.

Müəllif | Apa.Tv
Apa.tv