Biləcəridə hərəkət zolaqlarının artırılması üçün yenidənqurma işləri aparılır

Biləcəri enişindən və Xurşudbanu Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yenidənqurma işlərinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən APA TV-yə verilən məlumata görə, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir. Sözügedən küçənin X. Natəvan küçəsi ilə kəsişməsindən  Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. X. Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75 m olmaqla 3 hərəkət zolaqlı, Avtovağzal dairəsindən  X. Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5 m olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5 m olan zolaq və cib nəzərdə tutulub. Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən, dairənin radiusu 11 m, diametri isə 22 m təşkil edəcək. Dairədən Avtovağzal istiqamətinə olan  110 metrlik məsafə 4 gediş-4gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda  Bakı-Quba yolunun yenidən qurulmuş 6-9 km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində  eni 3,5 m olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra  yeni inşa olunmuş  dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə  nəqliyyat sıxlığı aradan qaldırılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv