Bakıda əməkhaqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, habelə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, Beynəlxalq Əmək Təşkilatının mütəxəssislərinin iştirakı ilə Azərbaycanda əməkhaqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans başlayıb. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın makroiqtisadi inkişafından, habelə qeyri-neft sektorunun tərəqqisi yönündə əldə olunan nailiyyətlərdən danışıb.

 

İdris İsayev hazırda Azərbaycanda bir çox sahədə orta aylıq əmək haqqının minimum aylıq əmək haqqını dəfələrlə üstələdiyini bildirib. 2014-cü ildə xalis minimum aylıq əmək haqqı  orta aylıq əmək haqqının 27,7%-ni təşkil edib. Hazırda minimum aylıq əmək haqqı ölkə üzrə yaşayış minimumunun 80,2%-i səviyyəsindədir.

 

İdris İsayev bildirib ki, müvafiq təhlillər aparılmadan, minimum aylıq əmək haqqının təsir dairəsi tam qiymətləndirilmədən və beynəlxalq təcrübədən səmərəli istifadə etmədən minimum aylıq əmək haqqının Xartiyanın tələbləri əsasında əhəmiyyətli dərəcədə artırılması inflyasiyaya şərait yarada bilər: "Ölkəmizdə minimum aylıq əmək haqqının müəyyənləşdirilməsi, inkişaf tendensiyası, yaşayış minimumu, yoxsulluq həddi, orta aylıq əmək haqqı və s. amillərlə bağlı müqayisəli təhlillərin aparılması, hədəf və perspektivlərin müəyyən edilməsi müəyyən zaman tələb edir. Bizim əməkhaqqı məbləğinin 3 milyard manata yaxını  büdcə təşkilatlarında işləyən işçilərimiz üzərindədir və şübhəsiz minimum əmək haqqının qalxması bütövlükdə əməkhaqqının qalxmasına imkan yaradır.  Bununla bağlı hesablamalar aparılmalıdır. Bundan sonra müvafiq qərar verilə bilər".

 

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında qurulan milli sığorta-pensiya sisteminin əmək haqları ilə pensiya təminatı arasında üzvi əlaqəni təmin etdiyini, əmək haqlarında artımın son nəticədə gələcək pensiya təminatının artımına da imkan verdiyini bildirib.

 

BƏT-in baş mütəxəssisi Mariko Ouçi Azərbaycanda BƏT-lə əməkdaşlıq şəraitində milli əmək siyasətinin inkişafı üçün aparılan işləri yüksək dəyərləndirib, ölkəmizdə əmək haqqı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə BƏT tərəfindən lazımi dəstək veriləcəyini bildirib.

 

Konfrans iki gün davam edəcək.  

 

Müəllif | Apa.Tv