"Hər kağızı bir yarpağa dəyişək" - LAYİHƏ

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 7 ton, 12 saylı lisey 3 ton, Neft Energetika Kolleci 600 kiloqram, 42 saylı notarius xidməti 1 kq və daha 24 qurum...

 

Bunlar ətraf mühitin qorunmasına xidmət göstərən qurumlar və onların təqdim etdikləri tullantı kağızların miqdarıdır. APA TV-nin xəbərinə görə, hər 50 kiloqram kağız qarşılığında bir ağac alınmasına xidmət edən bu layihəyə xeyli təşkilat qoşulub.

 

Kağız israfını azaltmaq və ətraf mühiti qorumaq üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "İDEA" İctimari Birliyi "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə yenidən start verib. Dövlət qurumlarının, Qeyri-Hökumət təşkilatlarının təqdim etdikləri kağız tullantıları konteynerə yüklənərək, təkrar emala göndərilir. 

 

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq təşkilatı- İDEA İctimai Birliyi və "ASAN xidmət" in təqdim etdiyi bu layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılan məntəqələrə təhvil verir. Təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılaraq, qeydiyyata alınır. Hələlik isə ən çox kağız tullantısı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri tərəfindən gəlib. Ötən il 6 tondan çox tullantı təhvil verən qurum, bu il 7 ton kağız toplayıb: İDEA İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ayşən Quliyeva deyib ki, bir ton kağız istehsalı üçün 17 ağac kəsilir. Hər kağızı bir yarpağa dəyişək layihəsinin də məqsədi ağac kəsilməsinin qarşısını almaq və təkrar emalı təşviq etməkdir.

 

İstifadə olunmuş kağızların qəbulu 4 saylı Bakı "ASAN" xidmət mərkəzində, 25 mart tarixindən isə bütün "ASAN xidmət" mərkəzlərində mümkün olacaq.

 

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib ki, Sabunçu Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, bir çox qurumlar tullantı kağızları təhvil verib.

 

Lahiyə çərçivəsində 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanılması da təşkil ediləcək. Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər İDEA İctimai Birliyi və Asan xidmətlə əlaqə saxlaya bilərlər.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etməkdir.

 

Ötən il təşkil edilən bu layihədə 79 tona yaxın kağız toplanılaraq təkrar emal müəssisənə göndərilib. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkilib.

 

Müəllif | Apa.Tv