Almaniyada kütləvi aksiyalar: polislə aksiya iştirakçıları arasında toqquşmalar olub - GÖRÜNTÜ

Almaniyanın Frankfurt şəhərində kütləvi etiraz aksiyaları başlayıb. APA TV-nin məlumatına görə, aksiyalara səbəb Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının açılışıdır. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar yaşanıb. Aksiya iştirakçıları polisi daşa basıb, cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Bundan qəzəblənən kütlə bir polis maşınına od vurub. Sol təmayüllü "Blockupy" təşkilatının nümayəndələrinə KİV-nə aksiyanın səbəbi barədə məlumatlandırmaq imkanı verilməyib. Aksiyaya antiqlobalistlər və həmkarlar təşkilatlarının minlərlə nümayəndəsinin də qoşulacağı barədə məlumatlar yayılıb. Etirazçılar Avropa Mərkəzi Bankının siyasətinə qarşı çıxırlar. Onlar bu etirazlarını Cənubi Avropa ölkələrinə qarşı qurumun tətbiq etdiyi sərt münasibətlə əlaqələndirirlər. Frankfurtda aksiyalar başlayandan bankın ətrafı polislər tərəfindən nəzarətə alınıb. Bu işlərə 10 min asayiş keşikçisinin cəlb olunduğu bildirilir. Almaniya hökuməti aksiyaların genişlənə biləcəyindən narahatdır. Xatırladaq ki, Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının inşası 1 milyard 300 milyon avroya başa gəlib.

 

Müəllif | Apa.Tv
Apa.tv