"Şuşaya azadlıq!" beynəlxalq loqo müsabiqəsi elan edildi

"2014-cü ildə isə “Şuşaya azadlıq!” tələbi ilə 22 dildə videoçarx hazırlanaraq, beynəlxalq ictimaiyyətə təqdim olunub. Bu istiqamətdə mədəni və kütləvi tədbirlərin bu il də təşkil olunması nəzərdə tutulur. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı ilə birgə “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edib".

 

APA TV-nin məlumatına görə, bunu  Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli deyib. O qeyd edib ki, loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşanın çoxəsrli və müxtəlif koloritli mədəniyyətini, zəngin mədəni irs abidələrini və milli arxitekturasını geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməlidir: “Loqoda Şuşa şəhərinin işğal həqiqətləri, onun maddi-mədəni sərvətlərinin dağıdılmasına yönələn erməni vandal hərəkətlərinə etiraz, beynəlxalq dəstək, Şuşa üçün sülh və azadlıq çağırışları kimi məqamlar da öz əksini tapmalıdır. Müsabiqədə QHT-lər, yaradıcı təşkilatlar və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün yaş və təhsil məhdudiyyəti qoyulmur. Loqo əvvəllər yayımlanmamış olmalı, öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli və Konsepsiyaya uyğun onun məzmununu əks etdirməlidir”.

 

Hər bir iştirakçı maksimum 2 loqo versiyası təqdim edə bilər. Qalib 2 000 AZN pul mükafatı və diplomla mükafatlandırılacaq.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı