DSMF sədri İmişlidə vətəndaşları qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, görüşdə  İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri iştirak ediblər. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub: "Bu il daha 5 elektron xidmətin istifadəyə verilməsi, şəhadətnamələrin dəyişdirilməsi, dublikatının verilməsini planlaşdırırıq. Özəl pensiya fondları ilə bağlı demək istəyirəm ki, fondun Avropa Birliyi ilə birgə layihəsi cari ilin noyabrında yekunlaşacaq. Həm dövlət pensiya sistemində yığım tətbiqi, həm də qeyri-dövlət pensiya sisteminin formalaşdırılması üçün təkmil qanunun olmasını hədəflənir".

 

Fondun sədri qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı