Azərbaycan prezidenti Bakı Olimpiya Stadionunun açılışında iştirak edib

Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Qeyd edilib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olublar.

 

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Müəllif | Apa.Tv
Apa.tv