Professor Kərəm Karabulut: “Sərhədlərin açılması Ermənistanla sərhəd bölgələrə heç bir xeyir verməyəcək”

Ermənistanla sərhədlərin açılmasının sərhədyanı bölgələrin inkişafına təsir göstərəcəyi barədə iddialar kökündən yanlışdır. APA TV-nin məlumatına görə, bu fikirləri Ərzurum Atatürk Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi, professor Kərəm Karabulut Türkiyə telekanallarına açıqlamasında deyib. Professor bildirib ki, sərhədlərin açılmasında israr edən dairələrin səsləndirdiyi arqumentlərin iqtisadi əsasları yoxdur. 
 
“Türkiyə-Ermənistan sərhədlərin açılmasının çox böyük təsiri olacağını iddia etmək üçün bazar potensialı böyük olmalı, Ermənistan iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etməli, Ermənistanla sərhəddə yerləşən vilayətlərimizin əhalisi çox olmalı və bu vilayətlər iqtisadi baxımdan inkişaf etmiş olmalıdır. Amma Dünya Bankının açıqladığı rəqəmlərə görə Ermənistanın 3 milyondan az əhalisi var. Ərazisi Ərzurumun ərazisindən azacıq böyükdür. Ermənistanla sərhəddə yerləşən Qars və İğdırın ümumi əhalisinin sayı 488500 nəfərdir. Sərhədlərin açılmasının belə bir potensialı olmayan bir bölgənin iqtisadi inkişafına ciddi təsiri olacağını iddia etmək səhvdir”.
 
Professor qeyd edib ki, sərhədlərin açılması ermənilərin Türkiyənin böyük şəhərlərinə axışmasından başqa heç nə verməyəcək.
 
“Türkiyənin Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədi var və bu sərhəddən keçib ölkəmizə gələnlərin 95 faizi İstanbula və başqa böyük şəhərlərə gedirlər. Ermənistanla sərhədlər açılan zaman analoji durumun təkrarlanacağını təxmin etmək çətin deyil. Onsuz da reallıq bundan ibarətdir. Hazırda Türkiyəyə işləməyə gələn Ermənistan vətəndaşlarının sayı təxminən 100 minə nəfər yaxındır. Və onların hamısı İstanbulda işləyir. Bu o deməkdir ki, sərhədlər açılarsa, Qars və İğdır kimi sərhəd bölgələrimizdə iqtisadi cəhətdən inkişaf olmayacaq, bu ərazilərdən sadəcə tranzit keçid kimi istifadə ediləcək”.

Müəllif | Apa.Tv
Apa.tv