“Lüfthanza”da tətillər başladı, bir gündə 750 reys təxirə salınıb

Almaniyanın ən böyük aviaşirkəti olan "Lüfthanza"nın pilotlarının tətili davam edir. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, tətillər nəticəsində təkcə çərşənbə günü 750 aviareys təxirə salınıb. Həmin reyslər arasında Rusiyaya nəzərdə tutulan uçuşlar da olub. 

 

Həmkarlar ittifaqları nümayəndələri rəhbərlikdən tarif razılaşdırılmalarını dəyişdirməyi tələb edir və təqaüd yaşı həddinin yüksəldilməsinə etiraz edirlər. Aviareyslərin baş tutmaması səbəbindən hava limanlarında ilişib qalan bəzi sərnişinlər pilotları anladıqlarını deyirlər: "Mən onları başa düşürəm və haqq qazandırıram. Mənə elə gəlir ki, onlar işlərini görərkən həddindən artıq stress keçirirlər. Düşünürəm ki, pilotlar təqaüdə daha erkən yaşlarında çıxmalıdırlar". 
 

Bu gündən isə artıq Avropa ölkələri və ölkədaxili reyslərlə bərabər qitələrarası uçuşlar da həyata keçirilmir. Xatırladaq ki, həmkarlar ittifaqları ilə "Lüfthanza" rəhbərliyi arasında anlaşmazlıq ötən ilin aprelindən davam edir və hazırda keçirilən tətil sayca 19-cudur.

Müəllif | Apa.Tv
Apa.tv