Bağban qadının "cənnət"indən - REPORTAJ

Hər gün səhər erkəndən oyananda onun ilk işi həyətində yetişdirdiyi ağaclara, həmişəyaşıl gül kollarına qulluq etmək olur. Göyçayda yaşayan bağban qadın - Rəqiyə Qasımova 20 ildən artıqdır, bağında palma ağaclarını əkib-becərməklə məşğuldur. Şəxsi təsərrüfatında həmişəyaşıl ağaclar və gül kolları yetişdirir. APA TV-nin yerli bürosunun xəbərinə görə, Rəqiyə Qasımova deyir ki, o, bu işin sirlərini mərhum həyat yoldaşından öyrənib. Ailə başçısı ixtisasca aqronom olub və 40 il bu sahədə çalışıb.

 

APA TV-nin xəbərinə görə, palma ağacının toxumunu ilk dəfə 20 il öncə xaricdən gətirərək əkiblər və sonra yetişən həmin ağacdan hər il toxum götürərək  sayını artırıblar. İldə yüzdən çox bəzək ağacı və gül kolu əkən bağban qadın palmanın çox gec yetişdiyini və böyük zəhmətlə böyüdüyünü deyir. Bu ağac hər il 5 santimetr böyüyür: "İndi bu ağacların dibini boşaldıram ki, ağaclar yaxşı inkişaf etsin. Onları suvarırıq, böyüməyə mane olan budaqları kəsib atıram,  üzvi gübrə verirəm".

 

Rəqiyə Qasımova təbiət qoynunda fiziki işlə məşğul olmağın həm də sağlamlıq baxımından faydalı olduğunu deyir.

 

Bağban Rəqiyə Qasımova yetişdirdiyi həmişəyaşıl ağacları öz həyətində müştərilərə satdığını, eləcə də Göyçay və ətraf rayonlarda park və bağların, sosial və xidmət obyektlərinin ətrafının yaşıllaşdırılmasında onun ağac və gül kollarından istifadə olunduğunu bildirib. Ailəsini şəxsi təsərrüfatında bağbanlıq etməklə dolandıran Rəqiyə Qasımova bu sənətin incəliklərini hazırda azyaşlı nəvəsinə də öyrədir. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov