Salyanda dəniz suyunu duzsuzlaşdıran böyük kompleks qurulub

Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dəniz suyunu duzsuzlaşdıran ilk irihəcmli zavod və müasir tinglikdən ibarət kompleks fəaliyyət göstərir. 2013-cü ilin əvvəlində fəaliyyətə başlayan kompleksdə müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılıb. Hazırda müəssisədə gün ərzində 1000 m³ həcmində duzsuzlaşdırılmış su istehsal olunur. Bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilən ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa, Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.

Layihəyə uyğun olaraq ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılıb. Bundan başqa, avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb.

Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac və kol əkilib, 3 hektar əraziyə qazon döşənib, damcılı və səpələyici suvarma sistemləri qurulub.
Kompleksin yaradılması zamanı 240 min m³ həcmində torpaq, 91,5 min m³ həcmində beton işləri görülüb. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılıb, 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilib. Həmçinin 15 kilometr məsafədə yol salınıb, 12700 m² sahədə asfalt örtüyü döşənib.
Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan bənd inşa edilib.
 

Kompleksin direktoru Qabil Teymurov APA TV-yə deyib ki, suyun duzsuzlaşdırılması prosesi duzlu suyun dənizdən tutumu 200 kubmetr olan su anbarına vurulması ilə başlayır. Daha sonra dəniz suyunun emalı sexində proses suqidalandırıcı nasos vasitəsi ilə qum filtirlərinə vurulur. Filtirlərdə su fiziki təmizləməyə məruz qalır, 5 mikron ölçüdə filtirlərdən keçir. Təmizlənmiş duzlu su yüksək təzyiqli nasoslarla membranlara vurulur. Membranlarda su duzdan ayrılır.

Əldə olunan şirin su tingliklərin yetişdirilməsinə sərf olunur.

Eyni zamanda zavodun ətrafında və ərazisində salınmış yaşıllıqlara, o cümlədən 10 hektar ərazidə salınan zeytun bağlarına damcılama üsulu ilə verilir. Zavodda yetişdirilən 50-dən çox dekorativ bitki və ağaclar respublikanın yol ətraflarına və parklarında əkilmək üçün göndərilir.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı