Yaz aylarında üz dərisinə nə üçün xüsusi qulluq edilməlidir?
"Bədənin digər hissələrinə nisbətən üzün dərisi daha həssasdır və buna görə onun qulluğuna daha çox diqqət yetirmək vacibdir. Dəriyə mütəmadi və keyfiyyətli qulluq isə onun təravətini artırır. İstənməyən halın əmələ gəlməməsi üçün dərini qorumaq, dərinin balanslı nəmləndirilməsi lazımdır". APA TV-yə müsahibəsində dermo-kosmetoloq Rəhilə Talıbova üz dərisinə qulluğun ev şəraitində də mümkün olduğunu deyib.
"Quru dəriyə gündəlik mətbəximizdə işlətdiyimiz ərzaqlar vasitəsilə də qulluq etmək olar. Məsələn, 1 xörək qaşığı qaymaq, 1 ədəd yumurtanın sarısı, 1 çay qaşığı təzə sıxılmış limon suyu qarışdırılır. Yağ seçiminə də diqqət etmək lazımdır küncüd yağı, jajoba yağı , gənəgərçək yağı dəridə nəmlik yaratdığından bu yağlar daha effektlidir. Gənəgərçək yağının istifadəsi isə heç bir tükgətirici problemi yoxdur. Bu yalnız saç diblərinə çəkildikdə effekti verə bilər. Əksinə üz dərisinə xüsusi təravət gətirir. Dəriyə məxmər effekti verir. Bütün bunlar qarışdırılaraq maya şəklində soyuducuda saxlanılır. Üz dərisinə çəkilməzdən əvvəl ya çiy kartof süzgəcdən keçirilərək əlavə olunur, ya da dəri ləkəyə meyllidirsə xiyar süzgəcdən keçirilərək əlavə olunur. Bu məhlula pomidor da əlavə oluna bilər, amma dərisi allergik olanlar gərək ehtiyatlı olsunlar".
Bundan başqa quru dəri üçün banan və avakodo süzgəcdən keçirilib, üzə çəkilə bilər. Yağlı dəri üçün də 1 xörək qaşığı qaymaq, 1 ədəd yumurtanın sarısı, 1 çay qaşığı təzə sıxılmış limon suyu və 1 çay qaşığı şoru qarışdırıb üz dərisinə çəkmək kifayətdir. Bu dərinin yağlılığını azaldır, üz rəngini saflaşdırır: "Düzgün aparılan təmizləmə, qara və çəhrayı, ağ rəngli sızaqların dəridən düzgün çıxarılması, təmizlənməsi lazımdır ki, hematoma baş verməsin və ləkələr əmələ gəlməsin ki, sonra da ləkələrlə mübarizə aparılmasın ".
Üz dərisinin parlaqlığı və gözəlliyi üçün vitrinləri bəzəyən preparatların qəbulunun kökündən yanlış olduğunu deyən dermo-kosmetoloq Vitamin D3, tərkibi balıq yağı, A, E vitaminləri zəngin olan preparatların qəbulunu vacib sayır. Amma bu preparatlardan istifadədən əvvəl həkim məsləhətinə əməl etmək lazımdır. Xüsusən qadınlar diqqətli olmalıdır.
"Azərbaycanda iqlim şəraiti rütubətli olduğundan bu da dərimizə xüsusi təsir göstərir. Bizdə yaz aylarında üzdə, xüsusən də yanaqlarda qırmızı ləkələr əmələ gəlir. Buna xalq arasında "qırmızı yanaq" da deyilir. Amma bu "kupiroz" xəstəliyidir. Damarlar gərgin olur. Xüsusən də kapillyarlar qum dənəcikləri kimi səpələnir. Əslində isə bu gözəllik yox, dəri xəstəliyinin əlamətidir. Çünki bu kapillyarlar o qədər zəifləyir ki, onlar partlamağa meylli olurlar, bu hissəyə virus yığılır. Dəri gənəsinin yaranmasına yol açır ki, bu da çox yayılmış xəstəlik növüdür. Yanaq üz hissəsinin həssas təbəqəsi olduğundan dəri gənəsi məhz oradan başlayır. Bu isə çox yaşayan mikrob olduğundan dəri onunla mübarizə apara bilmir. Bu xəstəliyin müalicə dövrü 1 ildən 8 ilədək uzana bilər".
Qarışıq dəriyə qulluq edilməsi daha mürəkkəbdir. Ona görə ki, belə tip dəriyə qulluq edərkən 2 dəri tipinə qulluq edilməsini nəzərə almaq lazımdır. Dərinin yağlı olan hissələrinin baxımı eynilə yağlı dəri tipinin baxımı kimi edilməli, quru olan hissələrin baxımı isə eynilə quru dəri tipinin baxımı kimi edilməlidir. Bundan başqa çox günəş, iti külək, siqaret və siqaret tüstüsü kimi ekoloji faktorlardan da qorunmaq lazımdır.