İdeal evlilik yaşı varmı?
Hər zaman müzakirəyə səbəb olan mövzulardan biri də evlənmək yaşıdır. Hər kəsin bununla bağlı öz fikri var.
Psixoloq Elmira Talıbova APA TV-yə deyib ki, evlilik üçün insan hərtərəfli hazır olmalıdır: "Evlilik ev qurmaqdır, yuva qurmaqdır. Bu, çox məsuliyyətli addımdır. "Ağıl yaşda deyil, başdadır" deyirlər. 20 yaşlı elə gənc var ki, onun müdrikliyi 70 yaşlı qocadan geri qalmır. Bu addım üçün məsuliyyət vacibdir. Məsuliyyətdən qorxan insan yuva qura bilməz. Qursa belə, nəticəsi ürəkaçan olmaz ".
Elmira Talıbova hesab edir ki, evliliyin təməli möhkəm olmalıdır: "Bünövrənin möhkəmliyi üçün tərəflər bir-birindən nəyi isə tələb etməməlidir. Hər iki tərəf düşünməlidir ki, qurduğu ailəyə nə verəcək? Həyat yoldaşı həm də yaxşı dost olmalıdır".
Psixoloq deyir ki, evliliyə insan psixoloji hazır olmalıdır: "İnsan bu addımı atarkən düşünməlidir ki, evliliyin yükünü daşıya bilərmi? Biz qadınlar qulaqlarımızla sevirik. Həmişə qarşı tərəfin nağıllarına inanırıq. Amma kişilər gözləri ilə sevir, qadınlardan fərqli olaraq. Məhz elə buna görə də sevgi yaşananda kişilər məsuliyyəti unudur. Sevgi, istək və şəhvət bir-birinə qarışır. Elə hər şey də "mən"dən yaranır. Evliliyə qərar verilir və bir model yaranır".
Elmira Talıbova bir ömür boyu xoşbəxtliyin sürməsi üçün tərəflərin bir-birinə dəyər verməsinin vacibliyini qeyd edir: "Evlilik üçün yaş möhürü yoxdur".
Evlilik həyatının hər mərhələsinin bir-birindən fərqləndiyini deyən Elmira Talıbova deyir ki, xoşbəxt ailə üçün tərəflərin daim barışıq mövqeyində olması şərtdir.