Azərbaycanda QİÇS-ə yoluxma hallarına ən çox hansı bölgədə rast gəlinir?

Şirvan bölgəsində İİV-ə yoluxanların sayında artım müşahidə olunur. APA TV-nin xəbərinə görə, Azərbaycanda İİV-QİÇS infeksiyasının ən çox yayıldığı ərazi Şirvan şəhəri və Hacıqabul rayon mərkəzidir. Respublika QİÇS-lə mübarizə mərkəzindən bildirilib ki, 2013-cü ilin sonuna olan rəsmi statistikaya əsasən, Şirvan şəhərində İİV-ə yoluxmuş şəxslərin sayı 348 nəfərdir. Şirvan şəhərində əhalinin hər 10 min nəfərindən təqribən 50 nəfəri İİV-ə yoluxan insandır. Hacıqabulda İİV-ə yoluxan şəxslərin sayı 175 nəfərdir. Bu rayonda əhalinin hər 10 min nəfərindən 28 nəfəri İİV-ə yoluxub. Virusa yoluxanların 79-81 faizi kişidir. İki yaxın çoğrafi ərazi vahidinin əhalisinin hər 10 min nəfərə düşən İİV-ə yoluxma sayı respublika üzrə ilk 2 yeri tutur. Bu da virusa yoluxma riskini artırır. Virusa yoluxma əsasən, narkomanlar arasında geniş yayılıb. Labaratoriyanın rəhbəri Elmira Qədirli yoluxma hallarında daha çox narkomanlar arasında rast gəlindiyini bildirib.

 

"Narkomanlarda "qar topası" deyilən bir prinsip var. Narkoman narkotikdən heç vaxt tək istifadə etmir. Onların 5-10-15 nəfərlik qrupları olur. Bu qrupdan kənara çıxmırlar. Bu qrupda 1 nəfərdə xəstəlik olursa, o digərinə də keçir. Birini tapırıqsa, digərləri də gec-tez tapılır".

 

Şirvan şəhəri üzrə ümumilikdə narkodispanserdə qeydiyatda olan narkomanların sayı 820 nəfərdir. Yoluxmanın 80 faizi də narkomanların payına düşür. Digərləri cinsi yolla, anadan uşağa və donor vasitəsilə keçib. Bölgədə bu xəstəliklə mübarizə aparan Şirvan Regional HİV Laboratoriyası Şirvan şəhəri, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Cəbrayıl (Biləsuvar ərazisində məskunlaşan) rayonlarını əhatə edir. Bura daxil olan qan nümunələrinin analizi ən qısa müddətə cavablandırılır. Laboratoriyada qan nümunələri HİV, hepatitlər və sifilisə yoluxma hallarını aşkar edir. Nəticələr yalnız xəstələrin özünə bildirilməklə anonim saxlanılır. Şirvan Regional HİV Laboratoriyasında virusa yoluxmuş və xəstə olmayan şəxslərlə psixoloji söhbətlər aparılır. Həmçinin laboratoriyada virusa yoluxmuş şəxslərə pulsuz dərmanlar verilir və digər yardımlar edilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı