62 ölkədən gətirilən kitablar, 20 ilə toplanan 3750 eksponat - Miniatür Kitab Muzeyindən REPORTAJ
Bakıda fəaliyyət göstərən Miniatür Kitab Muzeyi qapılarını ziyarətçilərin üzünə 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə açıb. Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilib. Vitrinlərə 62 ölkədə nəşr edilən 3750 miniatür kitab düzülüb. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bu kitabları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplayıb.
Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", Aleksandr Sergeyeviç Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Evgeni Onegin" poemasının da daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur.
2012-ci ildə Yaponiyada "Dörd fəslin gülləri" adlı 250 nüsxədən ibarət miniatür kitab nəşr olunub. Bu kitabın 174-cü nüsxəsi ölkəmizə gətirilib. Hazırda bu nadir nüsxə Miniatür Kitab Muzeyində nümayiş olunur.
Kitablar arasında "Heydər Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir.
Muzeyə gələn ziyarətçilər Azərbaycan bölməsində siyasətçilər, mədəniyyət və elm xadimləri barədə kitablara baxa bilərlər. Bu muzeydə Heydər Əliyevin imzası ilə saxlanılan miniatür kitab, prezident İlham Əliyevin and içmə mərasiminə, Türkiyənin lideri Atatürkə həsr olunan kitablar və daha neçə-neçə siyasət və elm xadimlərinə həsr olunan miniatür kitablar nümayiş olunur.
Ziyarətçilər Azərbaycan, Rusiyada, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Kitabların əksəriyyəti ingilis dilindədir.
Muzeydə maraqlı bir kitabça da var. Bu kitabçada muzeyə gələnlərin qeydiyyatı aparılır. Yarandığı gündən bu ilin yanvar ayının sonuna kimi 221.629 nəfər muzeyi ziyarət edib. Tək yanvar ayı üzrə bu göstərici isə 2054 nəfər təşkil edir.
Muzey bazar ertəsi və cümə axşamından başqa hər gün saat 11-dən 17:00-dək pulsuz fəaliyyət göstərir.