Qida rasionumuza yeni daxil olan tərəvəzlərin faydaları və zərərləri nələrdir?

"Tərəvəz yeyək sağlam qalaq!"

 

Yəqin ki, bu ifadə bir çoxunuz üçün artıq həyat devizinə çevrilib. Məlumdur ki, meyvə-tərəvəzlər hər bir insan orqanizmi üçün faydalıdır. Onların hər biri özünəməxsus dadı olmaqla yanaşı, həm də fərqli müalicəvi xüsusiyyətlərə malikdir. Bu gün milli mətbəximizə yeni daxil olan müasir qidaların bizə məlum olmayan faydalarından söhbət açacağıq. APA TV-nin məlumatına görə, mütəxəssislər hesab edir ki, bəzi tərəvəz məhsulları maddələr mübadiləsinin sürətlənməsinə və daha asan çəki vermənizə kömək edir.

 

Elə satıcılar da belə düşünür: ""Avakado"nun kiloqramı 2 manat 50 qəpikdir. Daha çox salatların hazırlanmasında istifadə olunur, eyni zamanda dərinin gözəlləşməsi üçün bəzi xanımlar bundan maska üçündə istifadə edir. Alanlar demək olar ki, əvvəlki illərə nisbətən daha çoxdur. Bu, həm də dietikdir. Ona görə də alıcı problemi yaşamırıq".

 

"İndi daha çox salatlıq göyərtilərdən istifadə olunur. Son zamanlar isə arıqlamaq istəyənlər daha çox kahı alır. Düzdür, hər göyərtinin öz yeri var. Elə adam var dovğalıq alır, eləsi var dolmalıq. Gündəlik süfrə üçün alanlar da var. Amma ən çox kahı, keşniş və şüyüd satılır".

 

Digər bir satıcı isə uzun illərdir, brokkoli satdığını və bunun daha çox faydası olduğunu deyir. Milli Kulinariya Mərkəzinin Baş Direktorunun müavini Ceyran Əsgərova hesab edir ki, insan öz ətrafında bitən, yetişən məhsullarla qidalanmalıdır. Azərbaycan mətbəxinin kifayət qədər zəngin olduğunu deyən Ceyran Əsgərova zamanla qida rasionumuza daxil olan məhsulların yeniləndiyinə diqqət çəkib. Ceyran Əsgərovanın sözlərinə görə, qida rasionumuza daxil olan və yetərincə gənc məhsullar sayılan feyxoa və kinqan adlandırdığımız sitrus meyvəsi, brokkoli, kapers, sparja  süfrələrimizə yeni daxil olsa da, artıq öz əhəmiyyətinə görə digər qida məhsullarından geri qalmır. Ən əhəmiyyətlisi isə budur ki, bu  məhsulların əksəriyyəti Azərbaycanın münbit torpaqlarında yetişdirilir. Sözügedən məhsullar gəlmə sayılsa da, insanların sağlamlığı üçün yetərincə əhəmiyyətlidir: "Bu qəbildən olan bütün məhsulların yerli, yaxud xarici olmağının fərqi yoxdur. Təbiətin bizə bəxş etdiyi bütün məhsulların tərkibi o qədər zəngindir ki, onlarla qidalanmaq vacibdir. Elə ölkələr var ki, orda çörəklə qidalanmırlar və həmin mətbəx üçün çörək zəhər sayılır. Çünki onların orqanizmi bunu qəbul etmir, bəziləri üçün süd məhsulları zəhərli, yəni qəbul edilməyən qidalar sırasındadır. Əvvəllər banan adlı tərəvəzi bəzi insanlar yemirdi, hətta uşaqları da bu məhsuldan uzaq tuturdular. Amma zamanla bu meyvənin zəngin tərkibi onu uşaqların menyusuna daxil etdi. Çünki banan bədəndə dəmiri artırır, qanın faizini yüksəldir, həzm prosesini yaxşılaşdırır".

 

Ceyran Əsgərova brokkolinin gül kələminin yarımnövü olduğunu deyir. Bu bitki xüsusilə C vitamini ilə zəngindir. Kulinar bu qida növünün qaynadıldığını, qızardırıldığını və  qurudulub üyüdülmüş çörək ovuntusu ilə, xama, yağ və mayonezlə masaya verildiyini bildirir. B1 və C vitaminləri baxımından olduqca zəngin olan brokkolinin tərkibində kalsium, kükürd, selenium var. İnsan bədənindəki dəmir və mineral çatışmazlığını brokkoli yox edir. Kulinar uzun illərdir, qida rasionumuza daxil olan gül kələminin tərkibi haqqında da məlumat verib. Bu tərəvəzin tərkibində çoxlu miqdarda C vitamini var. C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır. Yüksək lifli qidalara gəlincə, Ceyran Əsgərova bura quru paxla, kəpəkli taxılların daxil olduğunu qeyd edib. Milli mətbəximizə yeni daxil olan müasir tərəvəz məhsulları heç bir isti emal keçmədən qida rasionumuza daxil olmalıdır. Elə məhsullar da var ki, onların əksəriyyəti isti emal keçməlidir. 

 

"Balqabaq və brokkoli çiy halda çox gözəl mənimsənilir. Bu tərəvəzlərdən çox salat hazırlansa, daha faydalı olar. İsti emala keçdikdə bunların suda pörtlədilməsi, buxarda bişirilməsi də məsləhətlidir. Çünki tərəvəzlər mineral maddələrlə zəngindir. Mineral maddələr bişdikdə onlar vitaminlərini yarıbayarı faizini itirir. Ona görə də bu məhsulların az miqdarda su və yaxud buxarda bişirilməsi daha vacibdir".

 

Tibb Universitetinin Tədris-Cərrahiyyə korpusunun uzman-doktoru Natəvan Məmmədova da qida rasionunda tərəvəzlərin istifadəsinin vacib olduğunu bildirib. O ki qaldı tərəvəz pəhrizi artıq çəkidən xilas olmağın yollarına, düzgün qidalanmamaq insan orqanizmi üçün zərərlidir: "İnsan birinci necə arıqlamaq yox, necə sağlam qalmağı barədə düşünməlidir. Bütün məhsullarla qidalanmaq lazımdır. Amma hər bir qidadan az miqdarda qəbul edilməlidir. Məsələn individual olaraq, bir nəfər diet adı ilə yalnız ət yeyir. Məgər bütün günü ət yemək olarmı? Əlbəttə, yox. Çünki gün ərzində karbohidrat da , şəkər də qəbul edilməlidir. Belə olmadan bir müddət bəlkə də yaxşı çəki vermək olar. Amma bir müddət sonra mədədə, epuqastium nahiyəsində şiddətli ağrılar başlayır".

 

Tərkibini bilmədən müasir tərəvəzlərdən dəb kimi istifadə edənlərə isə Natəvan Məmmədova bunları tövsiyə edir: "Hər bir insan səhər zülal qidasını almalıdır. Pendir, ağartı məhsulları,  yumurta və ət delikatesindən istifadə edə bilər. Məsələn, gündüz saatlarında əsas nahar zamanı mütləq protein alınmalıdr. Bütün günü tərəvəzlə qidalanmağa gəlincə bu tam yanlışdır. Tərəvəzin tərkibində olan vitamin ətin, ətin tərkibində olan vitamin isə tərəvəzin tərkibində yoxdur. Düzənli və vaxtında qidalanma ilə həm gözəl bədən quruluşuna malik olursan, həm də sağlam olursan. Eyni zamanda mədədə heç bir şiddətli ağrılar yaşanmır, hormon pozğunluğu başlamır. Bundan başqa çəki vermək üçün mütləq həkim müayinəsindən keçin, lazımlı müayinələr və qan testləri mütləqdir. Hər xəstənin individual pəhrizi təyin olunmalıdır".

 

Mütəxəssislər hesab edir ki, sağlam qidalanmaq, həm zehni həm də fiziki sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Bundan başqa təzə və sağlam qida seçməyə diqqət göstərmək, qidaların hazırlanmasında təmiz su istifadə etmək, xüsusilə yeyiləcək meyvə və tərəvəzlərin axan sualtında yuyunması lazımdır.

 

Sevinc, Rizvan 27 FEVRAL 2015 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı