Mövsüm dəyişikliyi saç tökülməsinə təsir edirmi?
"Yaz aylarında saçlara qulluq forması da dəyişməlidir. Çünki baharın gəlişi ilə orqanizm qışdan sonra oyanır, fəallığa doğru hərəkət etməyə başlayır. Bu isə beyin qan-damar sisteminin oyanması, fəaliyyəti və inkişafı deməkdir". Bunu APA TV-yə dermo-kasmetoloq Rəhilə Talıbova deyib. Onun sözlərinə görə, iqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir. Saç diblərinə qulluq olunmadıqda isə bu ilk növbədə saç tökülməsi ilə nəticələnir.
"Saçların tökülməsinə təkan verən amillər genetik faktorlar, insanın ailə məişət şəraiti, yorğunluğu və iş şəraitidir. Heç kimə sirr deyil ki, bu gün lap kiçik yaşlı insanlardan başlayaraq hər kəs mobil telefonlardan, kompüterlərdən istifadə edir. Bu da çox ciddi amildir, şüalanmadır. Biz bunu qəbul etsək də qəbul etməsək də şüalanma kimi insan orqanizminə fəsad törədəcək ikinci zərərli amil yoxdur. Çünki şüalanma əsəb və qan damar sistemini gərginləşdirir. Bu isə qan damar sistemində damarlarda spazmatik problemlər yaradır və nəticədə saç tökülməsinə ciddi təsir edir".
Rəhilə Talıbova deyir ki, insan doğulandan 65 yaşa qədər hər beş ildən bir orqanizmdə hormonal fon daim dəyişir.
"Bu dəyişmələri müəyyən etmək üçün ilk öncə nevropotoloqa müraciət etmək vacibdir. Əgər saç tökülməsi fəsildən asılı deyil, xəstəlik formasındadırsa bu müraciətin edilməsi mütləqdir. Bunun üçün oğlanlar androloqlara, endokrenoloqlara müraciət etməlidir. Çünki əksər gənclər idmanla məşğul olur. Bədənin güclü və gözəl quruluşa malik olması üçün müxtəlif əzələ şişirdici hormonal həblər qəbul edirlər. Bu isə həddi-buluq yaşına çatan əks cinsin nümayəndələrinə mənfi təsir göstərə bilər. Əgər artıq potologiya varsa mütləq şəkildə mütəxəssisə müraciət edilməlidir".
Saçlara qulluq zamanı dermotoloqların məsləhətinə gəlincə, Rəhilə Talıbova hesab edir ki, preparatların fərdi seçilməsinə diqqət edilməlidir.
"Mezoterapiya üsulları da düzgün seçilməlidir. Bu həm də yaş həddinə görə müəyyənləşdirilməli, genetik faktorlar nəzərə alınmalıdır. İnsanın səhhəti, iş şəraiti nəzarə alınıb düzgün preparatlardan istifadə olunmalıdır. Masaj üsulları, dersenvalizasiya olunmalıdır. Bunun üçün əvvəlcə boyun qan-damar sistemindən başlanmalıdır. Ola bilər ki, yeni texnologiyalar, əl ilə masaj təyin olunsun. Çünki bu cür masaj üsulu bilavasitə qanın dövriyyəsini sürətləndirir ki, bu da saçların fəallaşmasına müsbət təsir edir, saç diblərini oyadır".
Ev şəraitində saçlara qulluğun da fərdi olmasına diqqət çəkən dermo-kosmetoloq qeyd edir ki, bu maskalar həftədə bir dəfə olmaqla, 1 ay 15 gün müddətində saçların dibinə çəkilməlidir.
"Saçlar quru və gur olarsa o zaman onların uzunluğu və ya qısalığına görə 1 yumurtanın sarısı, 1 xötək qaşığı bal və gənəgərçək yağı qarışdırılır. Alınan maya soyuducuda saxlanılır. İstifadə zamanı mayanın üzərinə ət maşınından keçirilmiş bir-iki diş sarımsaq, növbəti dəfə bir az soğan və şüyüd əlavə olunaraq saçların dibinə çəkilir. Bu məhlul 30 dəqiqə saxlanıldıqdan sonra yuyulmalıdır. Bu maya istənilən qədər soyuducuda saxlanıla bilər. Bu maskalar qanı da durulaşdırır. Yağlı saçlara gəlincə bu maskaya bir xörək qaşığı spirt və bir ampula B12 və digər vitaminlər əlavə oluna bilər. Bunlar oksigenin gəlişini fəallaşdırır. Saçların quru və yağlı olması da mütləq dermotoloqlar tərəfindən müəyyənləşdirilməlidir ki, əks effekt verməsin" .
Mütəxəssis tövsiyə edir ki, yağlı saçları yuduqdan sonra onları ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir. Bundan başqa 2 litr suda süzülmüş ilıq gicitkən dəmləməsinin üzərinə 2 xörək qaşığı alma sirkəsi və yarım limonun şirəsini əlavə etmək də olar. Hazırlanmış dəmləməni yuyulmuş saçlara sürtüb 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxşı-yaxşı yaxalamaq lazımdır. Bunu həftədə 1 dəfə etmək olar.