Bakıda NATO-Azərbaycan əlaqələrinə dair beynəlxalq konfrans keçirilib

Bakıda “NATO-Azərbaycan əlaqələri: 2014-cü il NATO Uels Sammitindən sonra əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva deyib ki, terror bütün dünyada 1 nömrəli problemə çevrilib. NATO terrorçu qruplarla mübarizə aparır.

Aytən MUstafayeva Azərbaycanın MDB ölkələri arasında mina və partlamamış hərbi sursatların ən çox olduğu ölkə olduğunu deyib.

 

Azərbaycanla NATO arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu deyən NATO baş ofisinin siyasi və təhlükəsizlik məsələləri bölməsinin nümayəndəsi Stefan Elqersma  Azərbaycanın sülhyaratma əməliyyatlarına töhfə verdiyini bildirib: "Azərbaycanda strukturların NATO standartlarına uyğunlaşdırılması, təhsilin təkmilləşdirilməsi bu istiqamətdə əsas məsələlərdən biridir. Enerji təhlükəsizliyi və kiber hücumlarının qarşısının alınması isə NATO-Azərbaycan əlaqələrində yeni aspektlərdir. Azərbaycanla NATO əlaqələri hər iki tərəfin seçimi əsasında həyata keçirilir. Azərbaycan hansı dərəcədə iştirak edəcəyini özü müəyyənləşdirir. Mindən çox azərbaycanlı zabit NATO tədbirlərində iştirak edir. Bu, uzunmüddətli perspektivdə əsas göstəricidir. Bundan başqa Azərbaycanın NATO əməliyyatlarında iştirakı və tranzit ölkə qismində iştirakı yüksək qiymətləndirilir”.

 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu qeyd edib ki, Azərbaycan NATO-nun çox dəyərli və əhəmiyyətli tərəfdaşıdır.

 

Müdafiə Nairliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Uels Sammitindən sonrakı dövrdə Azərbaycanla NATO arasında hərbi əməkdaşlığın inkişafından danışıb: "Azərbaycanın 94 nəfərlik əsgər və zabit heyəti hələ də Əfqanıstanda sülhə, təhlükəsizliyə xidmət göstərir. Onlardan 2-si həkim, 2-si isə mühəndisdir. Azərbaycan NATO-nun partnyor olduğu 27 ölkədən biridir”.

 

Tədbirdə Azərbaycan, Şimali Atlantika ittifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı