Azərbaycan prezidenti: "Şəhidlərimizin qanı yerdə qalmır"

"Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da. Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, əsgərlərimiz vətəni ləyaqətlə qoruyurlar".

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Qız qalasının qarşısındakı meydanda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından təəssüfləndiyini bildirib: "Mən Tam əminəm ki, biz istəyimizə nail olacağıq, tarixi ədaləti və öz  ərazi bütövlüyümüzü  bərpa edəcəyik. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. ondan sonra biz azərbaycanlılar bütün qədim torpaqlarımıza qayıdacağıq. İrəvan, Göyçə, Zəngəzur mahalı bizim qədim torpaqlarımızdır. Və gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq və hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq".

"Ordu quruculuğu bizim üçün əsas vəzifədir" deyən prezident İlham Əliyev Azərbaycan ordusunun indi dünyada öz gücü texniki təchizatı ilə fərqləndiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var. Bir neçə gün öncə təməli qoyulan TANAP qaz kəmərinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkəmizdə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır. "Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir, Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır" - deyən  dövlət başçısı Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin bu gün onu dünya miqyaslı sərvətə çevirdiyini bildirib.   

Prezident İlham Əliyev bildirib ki, Novruzun yalnız müstəqillik dövründə milli bayram kimi qeyd olunmasına başlanılıb və bu bayram bizim milli sərvətimizdir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində çətin sınaqlardan keçib, bununla belə, yalnız bu dövrdə xalqımız yüksək zirvələrə çatıb: “Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. İlk növbədə milli dəyərlərimizə, bayramlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, doğma ana dilimizə görə biz xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq, Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, yalnız müstəqillik dövründə xalqımız yüksək zirvələrə çata bilər”.

Dövlət başçısı qeyd edib ki, tariximizi nəzərə alsaq, bugünkü dövr ən sürətli inkişaf dövrüdür.  

Müəllif | Apa.Tv
Apa.tv