Gədəbəydə avtomobil dərəyə aşıb, ər-arvad yaralanıb

Gədəbəydə avtomobil qəzası baş verib. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 41 yaşlı Əkbər Qəmbərov "Mercedes Benz" markalı minik maşını ilə hərəkətdə olarkən yolda yağışdan yaranan gölməçədən avtomobili yayındırmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil əzilərək yararsız hala düşsə də, qəza zamanı tələfat olmayıb. Sürücü Əkbər Qəmbərov və həyat yoldaşı Rahilə Qəmbərova baş və alın nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralılara ilkin yardım göstərib. Daha sonra xəsarət alanlar xəstəxanaya aparılıb. 

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli