Gürcüstanda azərbaycanlının qətlə yetirilməsinin təfərrüatları məlum olub

Qazax sakini Nəriman Mustafayevin Gürcüstan ərazisində qətlə yetirilməsinin üstü açılıb. APA TV-nin məlumatına görə, qətldə şübhəli bilinən 5 nəfər saxlanılıb. Gürcüstan DİN-nin saytında yerləşdirilən rəsmi məlumatda deyilir ki, saxlanılanlardan 4-ü azərbaycanlı, 1-i isə gürcü əsilli Gürcüstan vətəndaşıdır. İstintaq aydınlaşdırıb ki, martın 22-də 21.00-da Qırmızı Körpündən 97 kilometr aralıda şübhəlilər içərisində iki nəfər Azərbaycan vətəndaşı olan maşını saxlayıblar. Avtomobildə olan Nəriman Mustafayev bıçaqla vurulub. Onun üzərindəki 160 000 Azərbaycan manatı və 45 000 Gürcüstan larisi oğurlanıb. Hadisəni törədənlər qaçıblar. Nəriman Mustafayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə, silahlı soyğunçuluq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv