Hacıqabulda ovçu ov yoldaşını güllələdi

Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib. APA TV-nin Mil-Muğan bürosuna Hacıqabul polis şöbəsindən verilən məlumata görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Sabirabad rayonunun Qaraqaşlı kənd sakini Xalis Xankişiyev ov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş açaraq, həmyerlisi, 25 yaşlı Rüstəm Əhməd oğlu Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə Rüstəm Səmədov ənsə nahiyəsindən qırma yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralı Rüstəm Səmədovun həyatı üçün heç bir təhlükə yoxdur. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xalis Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı