Fransada qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı

"Lufthansa" hava yollarının törəmə şirkəti "Germanwings"ə məxsus olan və Fransa ərazisində qəzaya uğrayan "Airbus A320" təyyarəsinin qara qutusu tapılıb. APA TV-nin məlumatına görə, Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib ki, "qara qutu" istintaqa təhvil veriləcək. Göyərtəsində 144 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Barselonadan Düsseldorfa uçurmuş. Fransa prezidenti Fransua Olland bildirib ki, sərnişinlər arasında Almaniya, İspaniya və Türkiyə vəıtəndaşları var. Sərnişinlərin və heyət üzvlərinin hamısı həlak olub. Fransa hökuməti qəzanın səbəbləri ilə bağlı heç bir versiyanı istisna etmir. Qəzaya uğrayan təyyarə 25 il əvvəl istismara verilib, pilot isə bu tip təyyarələrdə 6000 saatdan çox uçuş edib. Maraqlıdır ki, bu təyyarəni də ötən il Ukraynada vurulan və Hind okeanı üzərində yoxa çıxan təyyarələri sığorta edən şirkət sığortalayıb. Bu, Fransada son 15 ildə baş verən ən böyük təyyarə qəzasıdır. 2000-ci ilin iyulunda Parisin "Şarl-de-Qoll" hava limanında "Concorde" təyyarəsinin qəzaya uğraması nəticəsində 109 nəfər ölmüşdü. "Lufthansa" şirkətinin nümayəndəsi bildirib ki, martın 24-ü konsern üçün "qara gün"dür.

 

Müəllif | Apa.Tv