Türkiyə futbolunda qalmaqal: “Beşiktaş” milliyə oyunçu göndərməyə bilər

Türkiyə futbolunda yeni qalmaqal baş verib. APA TV-nin məlumatına görə, ötən həftənin bazar günü Türkiyə Superliqasında keçirilən "Fənərbağça" - "Beşiktaş" derbisində baş verənlər ətrafında yaranan qalmaqala ölkənin futbol federasiyası qiymət verməlidir. Artıq "Beşiktaş" klubu federasiyaya şikayət edib. Klub Mərkəzi Hakimlər Komitəsindən hakim Fırart Aydınusa, Peşəkar Futbol İntizam Komitəsindən isə "Fənərbağça"nın kapitanı Əmrə Belözoğluna cəza verilməsini tələb edir. "Beşiktaş" prezidenti Fikrət Orman klubun idarə heyətinin toplantısından sonra jurnalistlərin qarşısına çıxıb. O, bildirib ki, toplantıda sərt təkliflər irəli sürülüb.  Hətta, Əmrə Belözoğlunun kapitan olduğu Türkiyə millisinə oyunçu göndərməmək də təklif olunub. Fikrət Orman deyib ki, "Fənərbağça"nın futbolçusu Emenike formasını çıxardığına, hakimin icazəsi olmadan meydanı tərk etdiyinə və yenidən meydana qayıtdığına görə qırmızı kartla oyundan qovulmalı idi. "Beşiktaş" prezidenti komandanın baş məşqçisi Slaven Biliçin həm oyun zamanı, həm də oyundan sonra dəhlizdə "Fənərbaxça"nın futbolçusu Əmrə Belözoğlu tərəfindən təhqir edilməsinə də münasibət bildirib. Klub prezidenti adını çəkmədən "20 nömrəli oyunçu" dediyi Əmrəni idman və insan əxlaqına zidd hərəkət etməkdə, hakim Fırat Aydınusu isə hadisələrə reaksiya verməməkdə ittiham edib. Fikrət Orman bəyan edib ki, bu cür hadisələrə qiymət verilməli, ədəbsizlik edənlər cəzasız qalmamalıdır. "Beşiktaş" klubunun televiziyası isə "Fənərbaxça" ilə oyundan sonra baş verənlərin görüntülərini ilk dəfə yayıb. Görüntülərdə Əmrə Belözoğlu rəqib komandanın baş məşqçisinin ünvanına təhqiramiz ifadələr işlədir.

 

Müəllif | Apa.Tv