Mingəçevirdə avtobus qəzaya uğrayıb: 3 ölü, 10 yaralı - YENİLƏNİB

Mingəçevirdə baş verən zəncirvari avtomobil qəzası nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə ağır xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 09:30 radələrində Mingəçevir şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, 8 saylı xətt marşrutu üzrə hərəkət edən 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi “Otoyol” markalı sərnişin avtobusu ilə “VAZ 2109” və 1964-cü il təvəllüdlü İmaməli Hacıyevin idarə etdiyi “QAZ 2410” markalı minik maşınları toqquşub. Zərbənin gücündən avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfər müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Qəzada ölən və yaralananların adları artıq məlumdur. 1944-cü il təvəllüdlü Telman Qəmbərov, 1993-cü il təvəllüdlü Turan Abbasov və 1944-cü il təvəllüdlü Asif Həsənov aldıqları ağır xəsarətdən ölüblər. 1961-ci il təvəllüdlü Bəsti Süleymanova, 1972-ci il təvəllüdlü Emilya Mirzəyeva, 1965-ci il təvəllüdlü Əhliman Zeynalov, 1962-ci il təvəllüdlü Məhburə Muradova, 1998-ci il təvəllüdlü Elton Tahirov, 1999-cu il təvəllüdlü Elvin Əliyev, 2000-ci il təvəllüdlü Rüstəm Mustafayev, 1957-ci il təvəllüdlü Tahir Səlimov, 1997-ci il təvəllüdlü Süleyman Allahverdiyev və 1965-ci il təvəllüdlü Rövşən Qasımov isə xəsarət alıblar. Yaralılardan bir neçəsi  yüngül xəsarət aldığı üçün ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Qeyd edək ki, dünyasını dəyişənlərdən Telman Qəmbərov tanınmış jurnalist Aynur Elgünəşin atasıdır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov