ABŞ Konqresi Obamanı Ukraynaya silah yardımına çağırdı

ABŞ konqresi ölkə prezidenti Barak Obamanı Ukraynaya silah yardımı etməyə çağırıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu çağırışın lehinə konqresmenlərdən 348 nəfəri, əleyhinə isə 48-i səs verib. Bəyannaməni dəstəkləyənlər arasında demokratlarla yanaşı, respublikaçılar da var. Barak Obamanın məsələ ilə bağlı səssizliyinə etirazların artdığı da bildirilir. Florida ştatının konqresdəki təmsilçisi İliena Ros-Leytinen prezidentin Ukraynanın və beynəlxalq birliyin təhlükəsizliyinə reaksiyasız qalmasının təəssüflə qarşılandığını bildirib. Əlavə edib ki, Barak Obamanın uzun-uzadı danışıqlara hesabladığı bu taktika Ukraynanın vəziyyətini daha da çətinləşdirir. Ukrayna hakimiyyəti də ABŞ-ın silah yardımı edəcəyinə ümidini itirməyib. Vaşinqtonda isə bəyan ediblər ki, əvvəlcə Minsk danışıqlarının nə ilə nəticələnəcəyinə baxmaq lazımdır. Bu arada Barak Obama Ukraynaya hərbi yardım üçün əlavə 75 milyon dollar ayrılmasını təsdiqləyib. Bu arada ABŞ Silahlı Qüvvələrinin Rumıniya və Bolqarıstanda hərbi təlimlərə başladığı deyilir. Pentaqondan bildirilib ki, əməliyyatlara hərbi hava qüvvələrinin briqadaları da qatılıb və təlimlər "Atlantik qətiyyəti" adı altında keçirilir. Təlimlərdə ABŞ hərbçiləri ilə birlikdə rumıniyalılar da iştirak edir. Rumıniya Silahlı Qüvvələrinin ağır artilleriyası və 200 desantı kombinə edilmiş şəkildə hədəflərin tapılması və məhv edilməsi təlimlərinə qatılıb. Xatırladaq ki, bir müddət öncə NATO da bölgədə hərbi təlimlər keçirib. Həmin əməliyyatlar Rumıniya və Bolqarıstanın Qara dəniz sahillərində baş tutmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv