Ər və arvad arasında yaş fərqinin ailə münasibətlərinə təsiri varmı?

"Evliliklərdə yüz faizli yaş uyğunluqları  demək olar ki, yoxdur. Çünki sevginin yaşı olmur. Əsas odur ki, evlənən cütlüklər arasında qarşılıqlı anlaşma olsun və insanlar yaş kompleksi yaşamasın. Bu, həm fiziki, həm də psixoloji baxımdan ən vacib olan hissdir".

 

Bunu APA TV-yə açıqlamasında psixoloq Elmira Talıbova deyib. Onun sözlərinə görə, yaş fərqi fərdi yanaşmadır:  "Kompleksi olan insan özündən kiçik və yaxud böyük biri ilə ailə qursa da, o, narahatlıq yaşayacaq. Amma komplekssiz, özünə və sağlamlığına güvənən insan yaşın fərqinə varmır. Bəzən evli cütlüklər arasında 10-15 yaş fərq olur, amma evlilik dönəmində bu gözə alınmır. İllər ötdükcə yaş artanda, fizioloji baxımdan problemlər yarananda ailələrdə kişi qısqanclığı yaranır".

 

Yaş fərqi başlanğıc üçün o qədər də güclü maneə sayılmaya bilər, çünki o zaman hər iki tərəf sevdiyini düşünür və gələcək həyatlarında yaş fərqinin maneə olmayacağını hesab edir. Lakin təcrübə sübut edir ki, evlənənlər arasında maksimum 5-6 yaş fərq olduqda, bu ailədə  problem yaratmır, daha çox fərqlə qurulan evliliklərdə isə hiss olunur: "Elə ailələr var ki, cütlüklər arasında 16-20 yaş fərq var və onlar tam xoşbəxtdirlər. Elə ailələr var ki, yaş fərqi normaldır, 5-6 il görüşüblər, bundan sonra nişanlı da qalıblar, evlənəndən sonra isə  hər şey dəyişib. Bəs onda o sevgi və güvənlik necə olur? Deməli, o yaşanan sevgi deyilmiş, "istək"miş, "nail olmaq", "əldə etmək" istəyi. Bu əsasən, kişilərdə daha çox rast gəlinən hissdir. Münasibətdə məsuliyyəti hər iki tərəf daşımalıdrır".

 

Psixoloqun  sözlərinə görə, yaş fərqi Azərbaycanda zamanla ailə münasibətlərinə təsir etməyib. Amma illər ötdükcə insanlar da, xarakterlər də, baxışlar da dəyişir. İnsanın bir çox ehtiyacı ailədə təmin olunur: "Evlilik cütlük arasında həm də məsulliyyətdir. Məhz elə buna görə də evlilikdən əvvəl bu məsələdə hər iki tərəf ciddi düşünməlidir. Sabah nə ola bilər? Mən sevgiyə inanıram. Amma sevgi virusa bənzər hissdir. Zamanla sevgi keçir. Hörmət, rəğbət və dəstək hissi,  dayaq, arxa olmaq hissi zamanla sevgini arxada qoyur. Kişi arxadır, dayaqdır. Qadın arxalanmalıdır. Ərə getmək də bir növ arxalanmaqdır. Amma təəsüf ki, evlənəndən sonra yerlər dəyişir. Güvənmək istəyən qadın güvənc yerinə çevrilir".

 

Elmira Talıbova qeyd edib ki, evlilikdə önəmli olan kişi və qadının fizioloji yaşı deyil, psixoloji xüsusiyyətləridir. Hər iki tərəf ilk öncə psixoloji tərəfdən evliliyə hazır olmalıdır. Bu xüsusiyyətləri isə yaş deyil, tərbiyə aldığı ailə, təhsil və cəmiyyət müəyyənləşdirir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı