Bakıda gecə klubundan çıxan əcnəbini soyanlar tutuldu

Bakıda əcnəbi vətəndaş soyulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, martın 22-dən 23-nə keçən gecə Səbail rayonunda Kolumbiya vətəndaşı hücuma məruz qalıb. Xarici şirkətlərdən birinin məsul əməkdaşı olan 45 yaşlı Ardila Rikardo Karlos gecə klubundan çıxarkən 2 naməlum şəxs ondan içərisində 200 ABŞ dolları, 55 manat, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olan pul kisəsini alaraq hadisə yerindən qaçıb. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, 24 yaşlı Elmir Abdullayev və 27 yaşlı Elvin Kərimov "isti izlərlə" saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hər iki şəxs cinayət əməlini etiraf edib və onlardan maddi sübut kimi Rikardo Karlosa məxsus pul və digər sənədlər götürülüb.  

 

Bu şəxslərin cinayət əməllərindən zərərçəkən vətəndaşlardan Səbail Rayon Polis İdarəsinə və ya 39-cu Polis Bölməsinə müraciət etmələri xahiş olunur.

 

Müəllif | Apa.Tv