Bakının mərkəzi yollarından biri bağlanıb

Paytaxtın mərkəzi yollarından biri olan Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Buna səbəb Yusif Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçidin yaradılmasıdır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi xəbərə görə, şəhərdə nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində bir həftə ərzində həmin yolda avtomobillərin hərəkəti dayandırılıb: "Bununla da Babək prospektindən Koroğlu Rəhimov və Xətai prospektlərinə nəqliyyatın normal hərəkəti təmin olunacaq. Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək yenidən Koroğlu Rəhimov küçəsinə və Xətai prospektinə hərəkət edə biləcək".

 

Mart ayının 29-na kimi təmir-tikinti işlərinin tam başa çatacağını deyən Pünhan Mürsəliyev bildirib ki, Yusif Səfərov küçəsindən istifadə etməklə Heydər Əliyev prospektinə getmək istəyən sürücülər alternativ olaraq, Xocalı prospektindən keçməklə Nəcəfqulu Rəfiyev küçəsi vasitəsi ilə yollarına davam edə bilər:  

"Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr  təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib".

 

Sabahdan təmir olunan yeni yolda kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq. Bununla yanaşı, Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılır.

 

Müəllif | Apa.Tv