Ukraynada 2 yüksək vəzifəli şəxs Nazirlər Kabinetinin iclasında həbs edilib

Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasının gedişində iki yüksək vəzifəli dövlət məmurunun həbsi həyata keçirilib. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, hökumətin iclası davam edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olublar və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittihamı onların üzünə oxuyaraq qollarına qandal keçiriblər və aparıblar. Onlar Cinayət Məcəlləsinin 208-ci maddəsi – Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməkdə günahlandırılır.

 

Baş nazir Arseni Yasenyuk S. Boçkovski ilə bağlı olan firmaların hesablarındakı əməliyyatların izlənməsi üçün avropalı və amerikalı tərəfdaşlara müraciət edəcəyini bildirib. 

 

Daxil işlər nazirinin müşaviri Zoryan Şkiryak müvəqqəti olaraq Fövqəladə Hallar üzrə Dövlət Xidməti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib. 

Müəllif | Apa.Tv
Apa.tv