Gəncə sakini Bakıda 60 kibrit qutusu marixuananı satarkən yaxalanıb

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları narkotik satışı ilə məşğul olan Gəncə şəhər sakinini saxlayıblar. APA TV-nin məlumatına görə, keçirilən əməliyyat nəticəsində Gəncə şəhər, Kəpəz rayonunun sakini Vəliyev Murad Zahid oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 60 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, o, narkotik vasitəni satış məqsədi ilə Mehdiabad qəsəbəsinə gətiribmiş. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Polisə ifadə verən Murad Vəliyev iki ildir, marixuana satışı ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, əkərək becərdiyi marixuananı həm Gəncə, həm də Bakıda satıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv