Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata başladı

Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayıb. APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.

 

“Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb. Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.
Artıq paytaxt Sənanın beynəlxalq aeroportu hava zərbələrinə məruz qalıb. Əl-Dulaimi aviabazası da raket atəşinə tutulub.
Məlumata görə, hərbi əməliyyatlarda Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla Fars körfəzinin 10-a qədər ölkəsi iştirak edir.
 

Qeyd edək ki, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi martın 7-də ölkə paytaxtının Sənadan Ədən şəhərinə köçürüldüyünü elan etmişdi. Ötən gün Mənsur Hadi ölkəni qayıq ilə tərk edib. Bundan sonra Ədən şəhərində yerli əhali prezident iqamətgahını qarət etməyə başlayıb.
 

Ordu ilə şiə qiyamçılar - husilər arasında baş verən toqquşmalar səbəbindən Ədən hava limanı bağlanıb. Bu səbəbdən prezidentin qayıqla ölkədən getdiyi bildirilir. Hazırda Mənsur Hadinin harda olduğu məlum deyil.
 

Yəmənin xarici işlər naziri Riyad Yasin bəyan edib ki, Ədənin husilər tərəfindən ələ keçirilməsi vətəndaş müharibəsinə gətirib çıxaracaq. Riyad Yasin hazırda Misirdə səfərdədir. Martın 28-də  Şərm-əş-Şeyxdə Yəməndəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının sammiti keçiriləcək.
 

Xatırladaq ki, şiə qiyamçılar bu ilin yanvarında prezident sarayını zəbt edərək hakimiyyəti ələ keçiriblər. Mənsur Hadi istefa müraciətini parlamentə göndərsə də, sonra paytaxt Sənadan doğma Ədən şəhərinə qaçıb və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərmişdi.

Müəllif | Apa.Tv
Apa.tv