Bakıda ata qızını qətlə yetirib - YENİLƏNİB

Bu gecə Bakının Sabunçu rayonunda ailə münaqişəsi zəminində qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Sabunçu dəmir yolu stansiyasında qeydə alınıb. Saat 01.00 radələrində həmin ərazidə qadın meyiti tapılıb. Qadına ürək nahiyəsindən bıçaq xəsarəti yetirildiyi müəyyənləşib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən qadın Zərifə Cəlal qızı Qurbanovadır. Onun bədənində 3 bıçaq xəsarəti aşkarlanıb. Daha sonra mərhumun atası Cəlal Qurbanov yaxınlıqdakı Dövlət Yol-Nəqliyyat Polisi İdarəsinin Sabunçu xətt polis idarəsinə gələrək könüllü təslim olub, qanlı bıçağı təhvil verib. Prokurorluqda ifadə verən Cəlal Qurbanov qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Zərifə Qurbanova bir neçə ay əvvəl Bərdə rayonundan Bakıya gəlib. O, qətlə yetirildiyi ərazidə fəaliyyət göstərən kafelərdən birində işləyirmiş. Atası da hazırda rayonda yaşayır.

 

Müəllif | Apa.Tv
Apa.tv