Milli Parkda kimlər, necə istirahət edir?

"Bayram günlərində istirahətin dadını çıxarmaq istəyənlərin kimisi kinoteatrlara, kimisi əyləncə mərkəzlərinə,  kimlərsə açıq havada gəzməyə üstünlük verərək Dənizkənarı Milli Parka üz tuturlar. Bu gün də bura gələnlərin sayı ötən günlərə nisbətən daha çoxdur".

 

Bakı Bulvarı başdan-başa istirahət edənlərin ixtiyarında idi. Hər kəs istirahətini istədiyi şəkildə təmin edir. Kölgəliyə çəkilərək kitab oxuyanlar, velosiped sürənlər, attraksionlarda adrenalin yaşayanlar...

 APA TV-nin çəkiliş qrupu əvvəlcə istirahət edən sakinlərlə söhbətləşib. Əksəriyyət bulvar ərazisinin genişləndirilməsindən, təmizliyindən razılıq etdi. Xüsusilə də valideynlər istirahət məkanının təmizliyinə xüsusi fikir verirlər. Çünki bura balacalar da dincəlməyə gəlir. Elə ki tətil başladı, Milli Parkın ziyarətçiləri də birə on artır.

 

"Havaların isinməsi, bayram və tətil insanların bulvara gəlişini xeyli artırıb. Bizim attraksionlar ailəvi məkanlardır. Hər kəs ailəsi ilə gəlib burda əylənə bilər".

 

"Biz hər gün uşaqlarla, dostlarımla bura gəlirik. Bizim üçün tətili burda keçirmək maraqlıdır. Artıq dərslərin başlamasına 3 gün qalıb. Bir gün də istirahət edəcəm, sonra iki gün dərslərimi təkrarlayacağam".

 

"İstirahət günlərində daha çox əylənənlər isə təbii ki, balacalardır. Onların əyləncəsi üçün bulvar ərazisində kifayət qədər attraksion və əyləncə mərkəzi var. Bircə qalır valideynləri tərəfindən onların bu istəklərini təmin etmək".

 

"Uşaqlarımız məktəbdə oxuyurlar. Biz də onları istirahət üçün İçəri Şəhərə və bulvara gətiririk. Milli-mənəvi dəyərlərimizi, tariximizi tanımaları üçün  onları İçəri Şəhərdə olan Novruz şənliyinə də apardıq". 

 

"Mən bulvarda daha çox bu attraksionda hoppanmağı xoşlayıram. Elə bilirəm göydə uçuram".

 

"Mən də bura gəlməyi xoşlayıram. Daha çox maşına minirəm. Ara bir qəza da törədirəm. Maşınla qaydalara hələ tam əməl edə bilmirəm, amma öyrənirəm. Dərslərimi  oxumaqdan daha çox burda oynamağı sevirəm". 

 

Hər halda hər kəsi bu parka fərqli bir duyğu bağlayır. Təki bu duyğu hər zaman uşaqların düşüncəsi qədər saf və təmiz olsun. 

Müəllif | Apa.Tv