Orduda öldürülən erməni hərbçilərin ailələri kütləvi aksiya keçiriblər

Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. APA-nın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar və bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər.

Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar. 

Övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur.  “Öldürürlər-ailə günahkar olur, zorlayırlar- yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Müdafiə Nazirliyi, həqiqətən, belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?” - deyə qadın etirazını bildirib.

 İrina Qazaryan deyib ki, indi onsuz da Qriqoryanın ailəsi çətin vəziyyətdədir, Ohanyan bu bəyanatı ilə onların vəziyyətini daha da çətinləşdirir.

Müəllif | Apa.Tv
Apa.tv