Yəmənə hücumlar davam edir: devrilmiş prezident ölkədən qaçdı


Səudiyyə Ərəbistanı və koalisiya üzvlərinin Yəmənə hava hücumları davam edir. APA TV-nin məlumatına görə, ötən gecə Yəmən ərazisinə növbəti zərbələr endirilib. Hava hücumu zamanı şiə qiyamçılarının (husilər) nəzarətində olan Taiz şəhərindəki hərbi baza bombalanıb.
 
Yəmənin şimalında isə husilər və hökumətyönlü qüvvələr arasında toqquşmalarda 18 nəfər ölüb. “Frans Press”in məlumatına görə, toqquşmalar Yəmənin Lahc bölgəsində baş verib.  Ölənlərdən 13-ü qiyamçı, 5-i isə devrilmiş prezident Əbdülrəbbu Mənsur Hadi tərəfdarlarıdır.
   
Ötən gecə Yəmənin paytaxtı Sənada güclü partlayışlar baş verib. Şahidlər bildiriblər ki, Sənadakı hərbi obyektlərə zərbələr endirilib. Paytaxtdakı qoşunlar isə cavab atəşi açıblar. 
 
Yəməndəki hadisələr Türkiyə və İran arasında fikir ayrılığına səbəb olub. İran Yəmənə hücumları pisləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Tehranın bu mövqeyini bölgədə hegemonluq cəhdi kimi qiymətləndirib.
 
Bu arada isə Yəmənin devrilmiş prezidenti Əbdülrəbbu Mənsur Hadinin Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyada qaçdığı məlum olub. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi onun Ər-Riyaddakı aerodroma çatdığı barədə məlumat yayıb. Əbdülrəbbu Mənsur Hadini Səudiyyə Ərəbistanbının müdafiə naziri Əmir Məhəmməd bin Salman Əbdüləziz və kəşfiyyat rəhbəri Xalid bin Əli Abdullah əl-Hümeydan qarşılayıb. 
 
Ədəndən qaçdığı bildirilən Əbdülrəbbu Mənsur Hadinin Ər-Riyada necə və hansı məqsədlə getdiyi məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv