Qobustanda 35 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlandı


Ötən gecə Bakının Qaradağ rayonunda, Qobustan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxs Qobustanın "Yeni massiv" adlanan ərazisində 35 yaşlı Kərimov Səbuhi Rəhimxan oğlunu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan Səbuhi Kərimov ətrafdan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xeyli qan itirdiyindən və vəziyyəti ağır olduğundan təxirə salınmadan əməliyyat olunub. Həkimlər bir neçə saatlıq ağır əməliyyatdan sonra yaralının həyatını xilas edə biliblər. Xəstəxanadan verilən məlumata görə, Səbuhi Kərimovun vəziyyəti ağır olaraq qalır. 
 
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən APA TV-yə faktı təsdiqləyiblər. Bölmədən bildirilib ki, Kərimov Səbuhi Rəhimxan oğlunu bıçaqlayan şəxs hələlik müəyyən edilməyib. Yaralının vəziyyəti ağır olduğundan, onun ifadəsini almaq mümkün olmayıb. Cinayətin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv